Pərisa Ərsalan yeni bir səs, yeni bir nəfəs və yeni bir oluntu (fenomen) olaraq musiqi dünyamıza qədəm qoymuşdur.
Pərisa Ərsalan yeni bir səs, yeni bir nəfəs və yeni bir oluntu (fenomen) olaraq musiqi dünyamıza qədəm qoymuşdur. Urmulu gənc xanım sənət dünyamıza girər—girməz öz ustaca və özünəməxsus ifaları ilə yeni səsə ehtiyacı olan türk dinləyicilərinin içdünyasında artıq özünə yeretmişdir.
Pərisa Ərsalanın nəfəsində, səsində və ifasında bir özəllik sezilməkdədir. O da bu ki, bu xanım uzun zamandan bəri enerjisini, həyatını bu sənətə, musiqi sənətinə həsr etmiş kimi görünür. Pərisa Ərsalan mühitin bəlli basqılarına rəğmən musiqi sənətinin dərinliklərinə varmaq üçün geniş çalışmalar içində bulunduğunu ustaca ifaları ilə göstərməkdədir. Əslində, bəzən sənət adamı üçün yasaqlar olumlu təsir göstərir. Çünkü yasaqları aşmağa həsr edilən enerji və dirəniş, istər—istəməz sənətə yansıyır. Sənət insanların gizlin duyqularını incə və estetik biçimdə yansıtma eyləmidir. Sənət qədər həyatımızı özünə məşğul edən başqa bir şey yoxdur. Ancaq hər bir fərdin varlığında dağınıq olaraq var olan sənət duyqusu bəzən bir fərdin yaradıcılığında odaqlanmış (mərkəzləşmiş) olur. Məslən Şəhriyarın “Heydər Babaya Salam” əsərində keçən olaylar, duyqular hər tək—təkimizin bilincaltımızda dağınıq şəkildə yaşamaqdadır. Ancaq Şəhriyar yaradıcılığında ortaq duyqularımız billurlaşmışdır. Bu üzdən də Şəhriyar yaradıclığını doğma, yaxın hiss edirik. Bu durum bütün sənət türləri üçün keçərlidir. Pərisa Ərsalan ifasının içimizdə oyatdığı duyqular da bu türdəndir. Pərisanın səsi ruh dünyamızdan bizə səslənirmiş kimidir. Çünkü Onun nəfəsində bəzi gizlin və anladılması zor olan duyqular bizim içimizdə saxlıdır. Pərisanın nəfəsində yasaqlanmış qadın duyqularını sezmək də mümkün. Bu səsin dərinliyi, sadəcə Pərisanın bireysəl ruh dünyasına dayanmamaqdadır. Bu nəfəsdə həm də bir görəv var. Ulusların ruhu sənət dünyasında öz evrilim (təkamül) sürəcini yaşar. Ruh nədir? Ruh bir türlü gerçəkləşim sürəcidir. Gerçəkləşən içsəl (daxili) enerjidir. Bu da ən bariz şəkildə sənətdə gerçəkləşim biçimini tapar. Kollektiv mənəvi ehtiyaclar özünü bir bireyin ruhsal varlığına yüklədiyi, yükləndiyi zaman böyük sənət əsəri yaranır. Nədən? Çünkü sənət insanların ruhunu, içsəl duyqularını dərinləşdərər, genişlədər və estetizə edər. Varlıq sənətdə fərqli qavranılır. Əslində sənət bir idraketmə işi deyildir. Sənət duyqular dolayısıyla özümsəmə sürəcidir. Varlığı əsrarəngiz bir şəkildə özümsəmə sürəcidir. Bu doğrultuda musiqi sənətinin ayrıcalığı var. Bu günə qədər bir çox ifaçılardan dinlədiyimiz mahnıları Pərisanın səsində dinləmək çox sevimlidir. Çünkü Pərisanın səsi və səliqəsi bütün bu səliqələr içində yenidir, duyqulandırıcıdır. Pərisanın səsindəki bu dadlılıq və etkiləyicilik hardan qaynaqlanır?
Pərisa Ərsalan ilk öncə bir ozandır. Ozan sənətinin sirlərini bilmək, türk musiqiçisi üçün çox önəmlidir. Çünkü ozan sənəti öz yapısında dərin tarixi xatirələri, sirli səsləri barındırmaqdadır. Ozan sənətini yaxşı bilən Pərisanın öz ifasında bu olanaqdan da yararlandığı görülməkdədir. Bəlkə Pərisa özü bunun bilincində olmaz. Ancaq onun saz ifası və saz sənətindən qaynaqlanan bəzi gözəlliklər Pərisanın səsini, nəfəsini, duyqularını çevrələmişdir. Pərisanın varlığı ilə qaynayıb—qarışmış kimi görünür bu sənət. Ozan sənəti türk musiqisi üçün çox önəmlidir. Çünkü ozan sənəti bizim professional musiqimizi (muğamları, bəstəkar və xalq mahnılarını) üç doğrultudaetkiləmişdir:
1. Ozan sənəti musiqimizi melodik yöndə etkiləmişdir. Saz havaları ahəng olaraq musiqimizi hər zaman öz təsiri altına almışdır. Gerçək bir türk sənətçi bu etkinin dışına çıxa bilməz. Çünkü saz havaları əmək və halallıqla iç—içə olmaqla yanaşı bizim tariximizdən gələn səslərdir. İndi torpağa dönüşmüş əski nəsllərin estetik duyquları, istəkləri sıxışdırılmış bir biçimdə saz havalarında bizimlə qarşılaşar. Bu üzdən də kökü bizim uyqarlığımıza dayanan musiqi sənətində mütləqa saz sənətinin təsirini görəcəyik. Bir örnək söyləyəcəyəm. Məsələn, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında saz yoxdur. Orada saz musiqi aləti yoxdur. Ancaq saz havaları var. Koroğlunun oxumalarında bütün musiqi alətləri bir yerdə saz havası çıxarmağa özənirlər. Anlaşıldığı kimi saz sənəti, hətta bizim operamızı da etkiləmişdir. Pərisanın saz sənətini yaxşı bilməsi, gözəl saz çalması onun ifasına çişitlilik və dərinlikqazandırmışdır.
2. Boğaz təsiri. Özəlliklə muğamlarımızın başqa xalqların muğamlarından fərqlənməsinin əsas səbəblərindən biri də aşıq sənətindəki boğazların musiqimizi geniş miqyasda etkiləməsidir. Boğazlarımız musiqi üçün yatqınlığını öncə ozan sənətində denəmişdir. Zeynəb Xanlarova, Nazpəri kimi bir çox önəmli sənətçilərin ifasında ozan boğazının etkisini görmək mümkündür. Bu etki bir sezgi ilə hiss olunur. Açıq şəkildə deyildir. Bu etkini incə bir şəkildə Pərisanın da ifasında görməkmükündür.
3. Sözlü təsir. Sözlü təsir ifadan daha çox bəstəkarlıq sənətində özünü göstərmişdir. Yəni aşıq şeirlərinə bəstələnən mahnılar. Bu üçü bir yerdə bir bütün olaraq musiqimizi hər zaman dərindən etkiləmişdir. Pərisanın bəstəkarlıqla məşğul olub—olmadığını bilmirəm. Ancaq məşğul olacağı təqdirdə bu olanaqdan da yararlanacağı qaçınılmaz olacaqdır. Pərisanı ilk öncə ozan kimi tanıdıq. İndi isə türlü—türlü mahnılar ifa edir.
Pərisanın Urmudan olması da bir ayrıcalıq daşımaqdadır. Nədən? Çünkü musiqimizdə Səfyəddin Urməvi kimi alim, filosof, bəstəkar, bir neçə musiqi alətini çalan tarixi bir şəxsiyət də Urmudan tariximizə girmişdir. Bu üzdən də Urmu musiqi sahəsində böyük şəxsiyətlər yetişdirmə gələnəyinə sahibdir. Səfyəddin Urməvi tariximiz və musiqimiz üçün çox önəmlidir. Araşdırmaçılara görə, musiqi səslərinin kağız üzərində təcəssümü, not şəklinə dönüşməsi Urməvi tərəfindən gerçəkləşmişdir. Musiqi nəzəriyəsini ilk kəz olaraq Farabi “kitabi-əlmusiqi-ul kəbir” əsərində yazsa da, bu sahə Urməvi tərəfindən daha da genişlədilmişdir. Urməvi musiqi üzərinə bir neçə kitab yazmışdır. Ən önəmlisi isə, “Ədvar” (devirlər) əsəridir. Bu kitab türk musiqisini və Şərq musiqisini çox dərindən etkiləyəcək ki, daha sonra Abdulqadir Marağalı “Ədvar” üzərinə “Şərh-ul Ədvar” əsərini yazacaqdı. Pərisa Ərsalan bu Urmu kültüründən gəlməkdədir, Səfiədin Urməvi gələnəyindən. Sənəti qədər öz zahiri görkəmi də çəkici və gözəl olan Pərisa Ərsalan xanıma başarılardiləklərimlə.
Aşağıda Pərisa Ərsalanın ifalarını dinləyə bilərsiniz:
Birinci klip , ikinci klip, üçüncü klip, dördüncü klip , Beşinci klip
Qaynaq
هیچ نظری موجود نیست:
ارسال یک نظر