Ermənistan və Kürd Terror Örgütüilə əlaqəsi olan adlım silah baronu Amerikaya verildi
GünAzTv: Tailand hakimiyyəti gözlənilmədən Viktor Butun ekstradisiyası barədə qərar verib, onun arvadı Rusiyanın bütün paxırlarını açmaqla hədələyir.
Tailand hakimiyyəti noyabrın 16-da gözlənilmədən məşhur silah qaçaqmalçısı, 2008-ci ildə ABŞ-ın sorğusu əsasında bu ölkənin paytaxt Banqkoqda həbs edilən Viktor Butun ekstradisiyasına dair qərar verib. PKK və Ermənistanla da əlaqələri olan bu silah baronunun ABŞ-a ekstradisiyası məsələsi uzun müddətdir müzakirə edilirdi. Bütün təhvil verilməsində maraqlı olmayan Rusiya tərəfi Tailand hökumətinə təsir göstərməyə çalışırdı, ABŞ isə onu təhvil almaqda israrlı idi.
Xəbərlərə görə, Tailand hökumətinin Rusiya vətəndaşı olan Butun ekstradisiyasına dair qərarından dərhal sonra o, saxlanıldığı həbsxanadan Bankoqdakı hərbi aerodromlardan birinə aparılıb. Oradan isə təyyarə ilə ABŞ-a aparılıb. “Röyter” agentliyi “Gulfstream” markalı kiçik tutumlu reaktiv təyyarənin Butun arxasınca ABŞ-dan göndərildiyini xəbər verir. Rusiyanın Bankoqdakı səfirliyi isə Butun təhvil verilməsindən ancaq təyyarə havaya qalxandan sonra xəbər tutub. Səfirliyin əməkdaşı bildirib ki, ekstradisiya barədə nə onlara, nə Butun qohumlarına əvvəlcədən heç bir məlumat verilməyib.
Xəbərlərə görə, ekstradisiya prosesini 50-dən çox polis zabiti və bir neçə snayper mühafizə edib. Təyyarədə isə silah baronunu ABŞ-ın narkotiklərə nəzarət üzrə Federal Agentliyinin 6 xüsusi agenti müşayiət edib. Butun vəkili bildirib ki, Tailand hökumətinin qəbul etdiyi qərar hüquqi deyil, siyasidir. Belə ki, onun barəsində irəli sürülmüş yeni ittihamlar araşdırılmayıb, həmçinin ABŞ-ın ekstradisiyaya dair ikinci sorğusuna baxılmayıb. Butun arvadı Alla But isə deyib ki, ekstradisiya qərarı ABŞ-ın Tailand hökumətinə təzyiqlərinin nəticəsidir. But Rusiyanı onun ərinin ekstradisiyasına mane olmaq üçün yetərli səylər göstərməməkdə də ittiham edib. O xəbərdarlıq edib ki, Rusiyanın Viktor Butun əliylə həyata keçirdiyi bütün qaranlıq işləri açıqlayacaq.
But Nyu-Yorka aparılandan sonra Amerika tərəfi onu vəkillə təmin edib və Rusiya konsulluğunun əməkdaşları ilə görüşə icazə verib. Rusiyanın Nyu-Yorkdakı baş konsulu Andrey Yuşmanov deyib ki, Banqkoqdan uçarkən təyyarədə Buta təzyiq göstərilib və onu sındırmaq cəhdi olub. “Belə görünür ki, təyyarədə onu müşayiət edənlər arasında peşəkar psixoloq da olub. Onu hədələyiblər, işarə ediblər ki, təkcə özü deyil, arvadı və 15 yaşlı uşağı üçün də təhlükə yarana bilər. Eyni zamanda bildiriblər ki, bu təhlükələr birmənalı şəkildə Rusiyadan qaynaqlanır. Butdan tələb ediblər ki, öz fəaliyyəti və əlaqələri barədə daha çox danışsın” deyə, konsul bildirib. Konsulun dediyinə görə, But onunla görüşündə Tailand həbsxanasında pis rəftara məruz qalmasından danışıb.
Dünən Nyu-York məhkəməsində Butun işi üzrə ilk proses olub və ona rəsmi ittihamlar elan edilib. Silah baronu dörd maddə üzrə ittiham edilir. Bunlar ABŞ vətəndaşını öldürmək məqsədilə cinayətkar plan qurmaq, dövlət xidmətində olan vəzifəli şəxsləri öldürmək, hava hücumundan müdafiə raketlərini cinayətkar yollarla əldə etmək və satmaq, terrorçu qruplaşmaları silahla təmin etmək. ABŞ tərəfinin ittihamlarına görə Viktor But “Taliban”a silah, o cümlədən zenit raketləri satıb, həmçinin Latın Amerikası ölkələrində silahlı qruplaşmaları təchiz edib. İclasdan əvvəl Nyu-York Manhetten dairə prokuroru Priit Bharara bildirib ki, Butun ortaqlarından biri, erməni əsilli Endryu Smulyan artıq istintaqla əməkdaşlıq edir və ifadə verir. Prokuror ittihamların sübuta yetiriləcəyi halda onların hər ikisini ömürlük həbs cəzasının gözlədiyini deyib. Bharara istintaqın Butun günahını sübuta yetirmək üçün yetərli dəlillər topladığını bildirib. O bildirib ki, ABŞ hüquq-mühafizə orqanları rusiyalı biznesmenin fəaliyyətini hələ 2004-cü ildən izləyirdi. Butun adı Liberiyadan təyyarələrlə narkotiklərin daşınması işində keçirdi: “Bu altı il ərzində istintaqın sərəncamında cənab Butun yaxın ətrafına daxil olan şəxslərlə əlaqələr qurmağa nail olan məxfi agentlərin ifadələri, həmçinin onlarla gizli video-audio yazı, deşifrə edilmiş telefon danışıqları və digər dəlillər toplanıb. Onun işi üzrə təhqiqat dünyanın üç qitəsində aparılıb”.
Amerikanın Narkotiklərə Nəzarət üzrə Federal Bürosunun məxfi agentləri tərəfindən Kopenhagendə gizli qeydə alınmış belə söhbətlərdən birində silah baronunun sağ əli hesab edilən Endryu Smulyan deyib ki, Viktor But dünyada kimə istəsə silah göndərməyə qadir olan bir nömrəli adamdır. Həmin söhbətdə Smulyan kim olduğunu bilmədiyi məxfi agentə etiraf edib ki, Butun ləqəbi “ölüm taciri”dir. Məlum olub ki, həbsindən az əvvəl But Kolumbiyadakı terrorçu qruplaşmalardan olan FARC-a 700 “yer-hava” tipli raket, 5 min “Kalaşnikov” avtomatı və on milyonlarla patron satmaq barədə sövdələşmə əldə edib. “Bu silah-sursat az qala bir ölkənin ordusunu silahlandırmağa bəs edər” deyə, prokuror Bharara bildirib.
Növbəti məhkəmə prosesi gələn il yanvarın 10-na təyin olunub. Gözlənilir ki, Butun üzərində aparılacaq proses bu silah tacirinin fəaliyyətinə və əlaqələrinə dair sensasion faktları üzə çıxaracaq. Onun Ermənistanla əlaqələrinə dair faktların da məhkəmədə araşdırılması gözlənilir. Amerika tərəfinin apardığı istintaq müəyyən edib ki, But silahları bir sıra Şərqi Avropa ölkələrinin, o cümlədən Ermənistan, Kuba və Nikaraquanın hərbi anbarlarından bu ölkələrin yüksək rütbəli şəxsləri ilə cinayətkar sövdələşmələr nəticəsində əldə edib. Daha sonra silahları dünyanın “qaynar nöqtələri”nə satıb. Butun PKK terror təşkilatını da silahlandırdığına dair faktlar var. Bu silahların bir hissəsinin Ermənistandan əldə edildiyinə dair məlumatlar var. Məsələn, 2007-ci ildə Butun adamları Ermənistandakı hərbi anbarlardan 2 milyon dollarlıq silah-sursatı PKK-ya ötürüblər. Butun silah ticarətinin Azərbaycan üzərindən həyata keçirildiyinə dair məlumatlar da var. Eyni zamanda, onun fəaliyyətinin Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altında olduğu da şübhə doğurmur. Ehtimallara görə, Rusiya kəşfiyyatı Butdan öz məqsədləri üçün tez-tez istifadə edib.
هیچ نظری موجود نیست:
ارسال یک نظر